Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

H.Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.

Virtualaz.org bildirir ki, prosesdə sabiq deputat ifadə verərkən, Vergilər Nazirliyinin vergidən yayınma ittihamını da cavablandırıb. H.Abdullayev bildirib ki, ona ilk ittiham Nəriman Nərimanovun heykəlinin yanındakı binaya görə verilib: «Mənə ilk ittiham o başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi ata-anamın adına keçirdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina tikdilər. O binanın da bütün ödənişləri edilib, vergilər ödənilib. Anam o binaya görə 1,8 milyon manat vergi ödəyib. Amma 2013-cü ildə mənə buna görə cinayət işi başlandı, o verginin ödənilmədiyi deyildi. Ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədilər. Bütün bunlardan sonra mən məcbur qalıb canım qədər sevdiyim Azərbaycanımdan didərgin düşdüm».

İfadəsinin bu yerində H.Abdullayev kövrəlib və göz yaşlarını saxlaya bilməyib. Çıxışını yalnız bir qədər sonra davam etdirən sabiq deputat deyib ki, «Almaniya hökuməti sağ olsun ki, mənə sığınacaq verməkdən imtina etmədi”.

Almaniyadan sığınacaq alan Hüseyn Abdullayev 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılıb və Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib. 14 fevral 2018-ci ildə bir çox vətəndaşın şikayəti əsasında ona qarşı cinayət işi qaldırılıb. H.Abdullayev 2006-cı ildən nəzarət etdiyi “Araz-İnşaat” ASC-nin səhmdarlarına məxsus olan 1 milyon 374 min manat vəsaiti mənimsəməkdə ittiham olunur. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır…