İran Prezidenti Həsən Ruhani gələn həftə Rusiya-İran-Azərbaycan sammitinin keçiriləcəyi Soçiyə gedəcək.
Bunu İran Prezidenti Administrasiyası Mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib.

Məlumata görə, sammit çərçivəsində Ruhani Azərbaycan və Rusiya prezidentləri ilə ayrıca görüşlər keçirəcək.

"Soçidə keçirilən sammit çərçivəsində Rusiya və Azərbaycan prezidentləri ilə ayrıca görüşlər olacaq, ikitərəfli münasibətlərin ən vacib problemləri müzakirə ediləcək", - deyə İsmaili bildirib.

O, həmçinin üçtərəfli sammitin yekununda birgə bəyanatın qəbul olunacağını qeyd edib.

Qeyd edək ki, avqustun 14-də Soçidə Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü planlaşdırılır.

Onu da xatırladaq ki, liderlərin əvvəlki görüşü 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalandığı "Xəzər beşliyi" sammiti çərçivəsində keçirilib.