Ermənistanın baş naziri Nikol Paşinyan inqilabdan keçən 1 ili özünəməxsus tərzdə qeyd elədi. İşğal altındakı Şuşada yallı getdi, İrəvanda velosiped sürdü... Bu bir ildə yaşayışı əsla yaxşıya dəyişməyən, məhrumiyyətlər içində çabalaqmada davam edən ermənilərə hesabat vermək əvəzinə, populist çıxışlarından da qalmadı.

Məsələn, dünən o, daxili auditoriyanın başını qatmaq üçün “məxməri inqilab”a sərf olunan məbləği açıqlayıb. “Yeni Müsavat”ın erməni qaynaqlara istinadən verdiyi xəbərə görə, baş nazir deyib ki, ölkədə hakimiyyət dəyişikliyi üçün cəmi 200 min ABŞ dolları bəs edib.

Sitat: “Biz öz inqilabımıza 200 min dollar xərclədik. Bu pullar haradan idi? Biz adamlardan xahiş elədik. Bizim elektron pul kisəmiz vardı və bütün ölkələrdən ermənilər, - yeri gəlmişkən, əksəriyyəti Rusiyadan idi, - bizə pul bağışladılar. Biz həmin pulları xərclədik və hər həftə, inqilab prosesində hara, nə qədər xərclədiyimizi dərc elədik”.

*****

Paşinyan şəksiz ki, yenə blef edir. Çünki inqilabı Rusiya(dakı ermənilər) yox, əslində Amerika edib. Məlumdur ki, erməni inqilabının qələbə çalmasında İrəvandakı ABŞ səfirliyi - postsovet məkanında sayca ən böyük olan bir səfirlik həlledici rol oynayıb - ölkədəki Amerika yönlü QHT-lər və media vasitəsilə, ictimai rəyi lazımi hədəfə yönəlməklə, lap elə birbaşa maddi dəstəyi ilə.

“Vaşinqton Ermənistanda uğurlu ”məxməri inqilab" üçün İrəvana 25 milyon dollar xərcləyib... Nikol Paşinyan işə başlamalı və ABŞ-la oyunu oynamağa son verməlidir". Bu sensasion sözlər Vaşinqtondakı Kornegi Fondunun böyük elmi işçisi, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktor, Corctaun Universitetinin professoru Pol Stronskinin iki ay öncə öz twitter səhifəsində Paşinyana ünvanlandığı sərt müraciətindəndir (“Yeni Müsavat” bu mövzuda zamanında yazıb. Bax: “ABŞ-ın Ermənistanda batan layihəsi - Vaşinqtondan İrəvana ilginc hədə” sərlövhəli məqalə).

ABŞ-ın hədəfi şübhəsiz ki, Paşinyan hesabına Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq idi. Vaşinqton ümidli idi ki, yeni hökumət bundan ötrü Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salacaq, bu yöndə ciddi addımlar atacaq. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton ötən ilin oktyabrında İrəvanda ən əvvəl buna görə olmuşdu.

Ancaq ABŞ-ın gözləntiləri doğrulmadı. Nikol Paşinyan, obrazlı desək, Amerikaya da, öz xalqına da “atdı”. İnqilabi dəyişikliyə risk eləmədi, qorxdu. Sələfləri kimi Rusiyanın ağuşunu seçdi. Həm də o məqsədlə ki, Kremldən ucuz təbii qaz və silah ala bilsin. Rusiya isə silah-sursatı, qazı aşağı qiymətə elə-belə vermir. O zaman sual ortaya çıxır ki, inqilab eləməyə, hakimiyyəti-rejimi dəyişməyə dəyərdimi, əgər erməni xalqının güzəranı inqilabdan sonra yaxşılaşmayıbsa, Rusiyadan vassal asılılığı davam edirsə, işğalçı ölkənin ərazisində rus hərbi bazaları öz mövcudluğunu saxlayırsa, ölkənin Rusiya və İranla sərhədlərini hələ də rus əsgərləri qoruyursa, İrəvandakı beynəlxalq aeroport belə, rus sərhədçiləri tərəfindən mühafizə olunur və ölkəyə giriş-çıxışı onlar həyata keçirirsə?

Sual ritorikdir. 

*****

Beləcə, Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı ölkənin Rusiyadan nökər asılılığı dəyişmədi. Nökər ölkənin öz ərazindəki xarici dövlətin hərbi potensialı ilə öyünməsi, hələ üstəlik, həmin ölkənin silahları ilə başqa bir ölkəni hədələməsi isə absurddur. Ona görə ki, həmin hərbi gücün, ora daxil olan hərbi texnikanın ixtiyarı vassalda - Ermənistanda deyil, Rusiyadadır.

Qeyd edilənlərdən sonra Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın Azərbaycanı hədələməsi gülünc görünür. Rusiyanın İrəvana verdiyi (verdiyimi? - “YM”) bir neçə “İsgəndər” raket sisteminə arxalanan Arutyunyan bildirib ki, Ermənistan Azərbaycanın hərbi və iqtisadi mərkəzlərini məhv etmək gücündədir. O, İrəvanın Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarmaq niyyətində olmadığını da deyib.

Sitat: “Qarabağ konflikti çox dərin problemdir. Deyə bilərəm ki, yaxın zamanlarda Qarabağ konflikti həll edilməyəcək. Biz Qarabağ məsələsini həll etmişik və hədəfimiz əldə olanları qoruyub saxlamaqdır”.

Arutyunyanın blefi də ortadadır. Bir yandan, deyir Dağlıq Qarabağ konflikti çox dərin konfliktdir və yaxın zamanda həll edilməyəcək, o biri yandan isə iddia edir ki, “biz Qarabağ məsələsini artıq həll etmişik”.

Üçüncü yandan, onun Bakını “İsgəndər” raketləri ilə hədələməsi də yersizdir. Çünki Moskva “İsgəndər”dən istifadə iznini özündə saxlayır. Yəni erməni istədiyi vaxt ondan istifadə eləmək hüququna malik deyil. Bunu da işin içində olanlar bilir.

***** 

Eləcə də son vaxtlar həm Ermənistanın müdafiə naziri David Tonoyanın, həm də baş nazir Nikol Paşinyanın tezliklə Rusiyadan 4 müasir Su-30 SM qırıcısı, ardınca daha bir neçəsinin alınacağı barədə eyforik açıqlamaları gerçəyi əks etdirmir və belə görünür ki, sırf daxili auditoriyaya ünvanlanıb. Bu da növbəti dəlil-sübut. 

“Söhbət Su 30-ların alınmasından yox, Ermənistanda (Erebunidə - red.) yerləşən Rusiya aviabazasının silahlarını yeniləməkdən gedir. Hələ ki İrəvana qırıcılar satılması söhbəti getmir. Mən bilmirəm, belə məlumatlar haradan qaynaqlanır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am erməni saytına müsahibəsində tanınmış rusiyalı siyasi və hərbi ekspert Aleksandr Perenciyev deyib.

“Mən Ermənistanın müdafiə nazirinin bəyanatından xəbərdaram. Ancaq o, hələ ki arzusunu gerçək kimi təqdim edir. Aydındır ki, belə bəyanatlar Ermənistanda yaxşı səslənir. Hamı Ermənistan müdafiə nazirindən sitatlar gətirir, ona inanırlar. Ancaq mən Rusiyadayam və bilirəm ki bu yalnız quru sözdür. Hələ ki biz nə Ermənistana, nə də hansısa başqa ölkəyə qırıcı satmağa hazırlaşmırıq”, - deyə o qeyd edib.

Rusiyalı hərbi mütəxəssisin sözlərinə görə, Moskva, ümumiyyətlə, bu məsələdə həbi-siyasi yanaşmaya, yəni nə Ermənistana hücum xarakterli texnika verməməyə üstünlük verir. “Mən bilirəm ki, həqiqətən Ermənistana və Azərbaycana təyyarələr verməmək barədə qərar var. Deməzdim ki, bu yasaq edilib. Ancaq ən azından dondurulub. Hərçənd Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz İrəvana istənilən havadan müdafiə sistemi verə bilərik. Bununla bağlı problem yoxdur. Amma zərbə, hücum xarakterli hərbi texnikanı nə Azərbaycan, nə də Ermənistana tədarük etməyəcəyik. Bəli, bu, hərbi-siyasi yanaşmadır”.

Necə deyərlər, Paşinyanın, Tonoyanın daha bir yalanı çıxır, lovğalanmağa əsas qalmır... 
“Yeni Müsavat”