Azərbaycana qaçaqmalçılıq yolu ilə Dubaydan telefon gətirməkdə təqsirləndirilən Nurlan Nəsibov və onun həyat yoldaşı Layə Yaqubovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yenixeberlenti.com-un APA-a istinadən məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və “Yaşıl Kanal”a doğru hərəkət edib.
Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq “Qırmızı Kanal”a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib. Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova “Qırmızı Kanal”a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın hava limanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan altı ədəd “Samsung S9 64GB”, bir ədəd “Samsung Note 9 128GB”, beş ədəd “İphone XS Gold 64GB”, üç ədəd “iPhone XS Space Gray 64GB”, bir ədəd “iPhone XS Gold 256GB”, bir ədəd “iPhone X Silver 64GB”, bir ədəd “iPhone XS MAX Space Gray 256GB”, bir ədəd “iPhone XS MAX Space Gray 64GB”, bir ədəd “iPhone XS MAX Gold 256GB” və iki ədəd “iPhone XS MAX Gold 64GB” markalı mobil telefonlar, əl çantasından isə bir ədəd “Samsung S9 64GB” markalı mobil telefon aşkar olunub. Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.