Bugünlərdə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

Müşavirədə kənd təsərrüfatında rekord göstərici əldə edildiyi vurğulanıb. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb ki, bu da xüsusilə bitkiçilik hesabına təmin olunub. Bitkiçilik 25 faiz artıb. “Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək",- deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, ticarət dövriyyəsi 20 faizdən çox artıb: “Qeyri-neft ixracımız 15 faiz artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, yəni, plandan əlavə yığılıbdır və bu da aparılan islahatların təzahürüdür. Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.

Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılıb - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdı, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır.

Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya, təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıbdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapıbdır, digər sosial təşəbbüslər irəli sürülübdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir".

Maraqlıdır, 6 ayda ölkə iqtisadiyyatına qoyulan 6 milyard dollar sərmayə əsasən hansı sahələrə yatırılıb?
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə müxtəlif sahələrə əsaslı vəsait qoyuluşu aparılır. Bundan əlavə, özəl sektorun investisiyaları nəzərdə tutulur: “Azərbaycan hələ də tam potensialından istifadə edə bilmir. Çünki investisiya yatırımı baxımından Azərbaycan daha çox cəlbedici ölkə deyil. Regionda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova kimi ölkələr Azad Ticarət Sazişi imzalayıb. Xarici investorlar Qafqaz regionuna üstünlük verdikdə əsasən Gürcüstanı seçirlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan qanunvericiliyi biznesin qeydiyyatı üçün yaxşı mövqedədir. Ancaq müxtəlif lisenziyaların sayına, bank resurslarının əlçatanlığına, bank faizlərinin dərəcəsinə görə hələ də arzuolunan səviyyədə deyil. Doğrusu, bu qədər yatırılmış vəsaitin müqabilində istehlak malları baxımından həm aqrar sektorda, həm də qeyri-neft sektorunda bunu müşahidə edə bilmirəm. Çünki marketlərdə, mağazalarda alış-veriş edən zaman biz daha çox xarici istehsal markalı olan malları görürük. Əgər aldığımız məhsulların mənşəyinə diqqət yetirsək görərik ki, daha çox qonşu ölkələrdə istehsal olunmuş məhsullardır”.

Ekspert hesab edir ki, qoyulmuş investisiyalar müxtəlif maliyyə mexanizmləri vasitəsilə mənimsənildiyinə görə effektivlik aşağı düşür: “Belə bir nəticə çıxarmaq lazımdır ki, əhalinin real gəlirləri arzuolunan səviyyədə deyil. Məmur sahibkarlığı, monopoliya hələ də Azərbaycan iqtisadiyyatına ciddi maneə olaraq qalmaqdadır. Bunlar aradan qalxdıqdan sonra insanlar bunu öz həyatlarında hiss edəcəklər”.

Cebhe.info