Sabiq müstəntiq, bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə həbsdən azadlığa buraxılmış Rüfət Səfərov hazırda həbsxanada cəza çəkən məşhur MTN generalı Elçin Quliyevlə bağlı maraqlı xatirəsini paylaşıb.

Yenixeberlenti.com-un “AzPolitika.info”-a istinadən məlumatına görə, R.Səfərov feysbuk statusunda Elçin Quliyevi yada salıb, onunla bir dialoqunu paylaşıb.

Sabiq müstəntiq yazır: “Günün birində dustaq yoldaşım, uzun illər uğrunda canını fəda etdiyi rejim tərəfindən paqonları sökülən MTN generalı Elçin Quliyev hələ iş başında ikən Allahşükür Paşazadənin ona göndərdiyi Qurani-Şərifi oxumaq üçün mənə təqdim edib dedi: “Oxu, rahatlıq tapacaqsan… Mən tapıram…” Amma nəsə utandım, daha soruşmadım ki, necə rahatlıq tapırsınız?…

Şərait və zaman belə gətirdi: hərdən onunla söhbət edirdik, dərdləşirdik.

Son aylarda onu hədələyib, məndən uzaq gəzməsini tələb edibmişlər. Dilinin ucu ilə salam verib ötürdü. Yəqin “dost”ları maraq bürüyübmüş: bir MTN generalı ilə müxalifətçi nədən danışa bilər?…

Ayrıldığımız gün məni bir bucağa çəkib söylədi ki, “76 yaşlı anam özünü yandırmaq istəyir…” Bütün analar kimi oğlunun günahsızlığına əminmiş…”