Paytaxtda bəzi restoranlar depozit əsasında fəaliyyət göstərməyə başlayıb. Təhsil eksperti Kamran Əsədov öz "Facebook" hesabında paylaşım edərək "Diana Novxani Beach" restoranının depozit tələb etməsinə etiraz edib. 

K. Əsədov qeyd edib ki, müştərinin nə sifariş verməsindən asılı olmayaraq, restoran tərəfindən 100 manat depozit tələb edilir: "Corata gəlmişik ki, bir çay içib, buranın qutabını yeyək. Oturanda dedilər ki, bəs nə yesəniz-yeməsəniz, 100 manat depozit ödəməlisiniz. Belə çıxır ki, sizin cibinizdə 50 manat pulunuz varsa, ödəyəcəyiniz hesab 20 manat olsa belə, istirahət edə bilməzsiniz? 20 manatlıq ye, amma 100 manat ödə?”
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı isə depozit tələb edilən restoranlarla bağlı daha bir qanunsuzluq üzə çıxıb. Məlum olub ki, depozit tələb edilən restoranlarda hesab depozit məbləğindən aşağı olsa da, pulun qalığı qaytarılmır.

"Diana Novxani Beach" restoranından Sputnik Azərbaycan-ın əməkdaşına bildirilib ki, depozit “cibi boş” müştərilərin istirahət məkanına gəlməsinin qarşısını almaq üçündür:

“Bir də görürsən ki, beş nəfər gəlib, restoranda 10 ədəd qutab yeyib, bir neçə saat yer məşğul edir. Çıxanda isə 20 manat pul ödəyir. Bu bizə sərf etmir. Ona görə də depozit əsasında fəaliyyət göstəririk”.

Amma inzibatçı depozitin əsasən həftəsonu tətbiq edildiyini dedi.

Restorandan onu da bildirdilər ki, alınan depozit müştərinin yediyi yeməyin hesabı qoyduğu məbləğdən az olduqda geri qaytarılmır: “Depozitə qoyulan məbləğ geri qaytarılmır. 

Hətta müştərinin sifariş etdiyi menyunun hesabı depozit məbləğindən az olsa belə. Bizim restorana gələn müştərilərin sayı az olduqda 50, çox olduqda isə 100 manat depozit qoymalıdırlar. İstirahət edib, yeyib-içdikdən sonra hesab depozit məbləğindən çox olursa, hesabın qalığını ödəməlidirlər. Az olduqda isə depozit geri qaytarılmır”.
Özünü restoranın inzibatçısı kimi təqdim edən şəxs bunun qanunsuz olmadığı qənaətindədir.

Müştəridən depozit tələb edən restoran tək "Diana Novxani Beach" deyil. Sən demə, Bakının ən yüksək nöqtəsində yerləşən məşhur “Teleqüllə” restoranı da öz müştərilərindən adambaşına 20 manat depozit tələb edir. Restoran bu barədə məlumatı öz saytında yerləşdirməkdən də çəkinməyib. Restoranın inzibatçısı bizimlə söhbətində depozit alındığını təsdiqlədi. Onun sözlərinə görə, girişdəcə müştərilərdən adambaşına 20 manat depozit tələb olunur: "Müştərinin menyudan seçdiyi təamların qiyməti depozit məbləğini keçərsə, hesabın bir hissəsi depozitdən, yerdə qalan hissəsi isə müştəridən tələb olunur".

Əlaqə saxladığımız digər restoranların da bir neçəsində müştərilərdən depozit tələb olunduğunu təsdiqlədilər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, restoranların müştərilərdən depozit tələb etməsi, aldığı depozitin hesabdan artıq qalan hissəsini geri qaytarmaması istehlakçı hüququnun kobud şəkildə pozulmasıdır.

AİB sədri bildirir ki, hər bir müştəridən sifariş etdiyi menyuda qiymətə uyğun hesab tələb olunmalıdır: “Bu gün el şənliklərinin keçirildiyi şadlıq evlərində, restoranlarda da depozit tələb edilir. Amma camaat arasında buna “beh” deyirlər. Əgər kimsə banket sifariş veribsə, burada depozitin tələb olunmasını başa düşmək olar. Çünki restoran rəhbərliyi qonaqlar üçün tədarük görür, lazım olan məhsulları alır. Amma müştəri restorana çay içməyə, yaxud qəlyanaltı etməyə gəlirsə, ondan depozit tələb edilməsi qanunsuzluqdur”.
E. Hüseynovun sözlərinə görə, depozitin tələb olunması müştərini məcburi olaraq depozit məbləğində xidmətdən yararlanmağa sövq edir. Həmsöhbətimiz bildirir ki, bu, turizmin də inkişafına mənfi təsir göstərən bir haldır.

Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirdilər ki, müştəridən depozit tələb olunaraq geri qaytarılmaması hesabda aldatma hesab olunur. Qurumdan bildirdilər ki, bu halla rastlaşan müştərilər Vergilər Nazirliyinin “qaynar xətt”inə şikayət edə bilərlər.